Əhməd Əhmədzadə: Son yüzillikdə ilk dəfə...


Baş nazirin müşaviri Əhməd Əhmədzadə - Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu diplomatiyası sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb.
2020-ci ildə Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, Ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm qələbə yeni reallıqlar yaratdı. Hər günü bir tarix olan 44 gündə ərazi bütövlüyünü bərpa edən ölkəmiz 24 saatdan az bir vaxtda reallaşdırdığı antiterror tədbirləri ilə öz qətiyyətini bütün dünyaya növbəti dəfə nümayiş etdirdi. Dövlətimiz qalib dövlət, xalqımız isə qalib xalq kimi dünya tarixinə öz möhürünü vurdu. Azərbaycan ordusu yazdığı tarixlə işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ədalət, hüquq, milli qürur dərsi keçdi. Azərbaycan dövləti postsovet məkanında suverenliyini və ərazi bütövlüyünü bərpa edən ilk dövlət kimi tarixə düşdü. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Ardınca ölkə başçımızın uğurlu diplomatik siyasəti nəticəsində olduqca mürəkkəb geosiyasi mövqedə yerləşən ölkəmiz tarixi nailiyyətlərə, Zəfərlərə, Qələbələrə imza atmağa davam etdi. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlıları vaxtından əvvəl çıxarıldı, 4 kəndimiz bir güllə atılmadan geri qaytarıldı.
Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana qayıdış gözləyir. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”. Bu hədəfi Prezident İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, - deyə dövlətimizin başçısı vurğulayıb. Görüşdə cənab Prezident tarixi faktlara nəzər salaraq Qərbi Azərbaycanın əzəli və əbədi tarixi torpaqlarımız olduğunu dünya ictimaiyyətinə bir daha bəyan etdi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır.”
Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qaldığını bildirən cənab Prezident müasir dövrümüzdə onların hüquqlarının bərpa edilməli və əzəli torpaqlarına qayıtmalı olduqlarını bildirdi: "Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olundu. Sistemli layihələrin keçirilməsinə başlanıldı.
Butün istiqamətlərdə olduğu kimi, Ölkə Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər Naxçıvan Muxtar Respublikasında da daim diqqətdə saxlanılır. Muxtar Respublika ictimaiyyəti, ziyalıları, alimləri bu istiqamətdə öz birliklərini nümayiş etdirirlər.
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri də ölkədə ilk dəfə olaraq “Qərbi Azərbaycana qayıdış” festival-konqresin reallaşdırılmasıdır. 23-24 noyabr 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” adlı festival və hər il davam etməsi planlaşdırılan “Qərbi Azərbaycana qayıdışa gedən yol” adlı konqres keçirildi. Festival/Konqresin əsas məqsədlərindən biri də tarixi ədalətin bərpa edilməsi yolunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yurd-yuvasından didərgin, qaçqın düşmüş Azərbaycan türklərinin tarixi haqlarının bərpasına istiqamətlənmiş siyasətin elmi əsaslarla həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə işılandırılmasına nail olmaq, ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçıları bir araya gətirmək, onların Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri dinləmək və fikir mübadiləsi aparmaq idi.
Festival-konqresdə Müzəffər Ali Baş Komandan, ölkə Prezidentinin ziyalılar, tədqiqatçılar qarşısında qoyduğu strateji tapşırıqların icrası istiqamətində ölkə alimləri, mədəniyyət və sənət adamları bir araya gəldi. Qərbi Azərbaycandan zorla köçürülən soydaşlarımız bu elmi, mədəni-kütləvi tədbirlərdə birləşdi.
Ölkənin ictimai-siyasi xadimləri, dövlət adamları, millət vəkilləri, Qərbi Azərbaycandan olan soydaşlarımız, Naxçıvan Dövlət Universitetinin, ölkənin digər universitetlərinin professor-müəllim heyəti, Qardaş Türkiyə Cümhuriyyətinin qabaqcıl universitetlərinin rektorları, alimləri mühüm və zəruri mövzuda bir araya gəldi. Son yüzillik tariximizdə ilk dəfə Qərbi Azərbaycan maddi-mədəniyyət nümunələri, sənət əsərləri, ailə-məişət ənənələri, milli geyim kolleksiyaları, zəngin folklor və şifahi xalq ədəbiyyatı nümunələri, mahnıları, yallıları, aşıq havaları, rəqslər təqdim edildi. Mövzu ilə bağlı filmlərin təqdimatı, Naxçıvan Dövlət Universitetinin kulinariya sərgisi, tarixi və müasir rəsm əsərləri, dekorativ tətbiqi sənət əsərləri, kitab, monoqrafiya, məqalələr, yaradıcılıq nümunələri kompleks şəkildə nümayiş olundu. Naxçıvan Dövlət Universitetində keçirilən konqresdə 17 bölmə iclasında ölkəmizin müxtəlif elm, təhsil müəssisələrinin alimlərinin 200-dən artıq mövzuya dair məruzələri dinlənildi.
Müzəffər Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi: “Bizi Qərbi Azərbaycana böyük qayıdış gözləyir” hədəfi istiqamətində Festival-konqresin bütün iştirakçıları öz birlik və əminliyini bir daha ifadə etdi.
Bu il də 21-22 iyun tarixlərində keçirilən növbəti “Qərbi Azərbaycana qayıdış” festival-konqresi ötən il olduğu kimi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi,  Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı reallaşdırıldı.
Festival-konqresin ikinci günü Naxçıvan Dövlət Universitetində konqres hissəsi baş tutub. 7 istiqamət üzrə 30-a yaxın bölmədə 300-dən çox məruzə dinlənilib. Konqresdə ölkənin müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında, həmçinin qardaş Türkiyə universitetlərində fəaliyyət göstərən tədqiqatçılar bir araya gələrək Qərbi Azərbaycanla bağlı əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıb, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, incəsənəti ilə bağlı araşdırımalarını təqdim ediblər.  
Festival-konqresdə 10-dan çox Qərbi Azərbaycanın müxtəlif sahələrini əks etdirən kitab təqdimatları keçirilib.  Festival-konqres ölkə mediası daxil olmaqla ümumilikdə 190 adda qəzet, jurnal, televiziya, xəbər saytlarında işıqlandırılmışdır. Eləcə də 20-dən çox xarici ölkə mediasında yer almış və həmçinin bundan narahatçılıq keçirən Ermənistan mediasında təşvişə səbəb olmuşdur. 
Butün istiqamətlərdə olduğu kimi, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər və bu tezislərdən irəli gələn məsələlər Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyətinin gündəlik  fəaliyyət istiqamətinə çevrilib. Universitet əməkdaşlarının, alimlərin elmi fəaliyyətlərində əsas tədqiqat sahələrindən birinə çevrilib. Qərbi Azərbaycanın tədqiqi ilə bağlı bir çox istiqamətlər tədris planlarına salınıb. Belə ki, əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycanın siyasi tarixini, etnoqrafiyasını, milli-adət ənənələrini və mədəniyyətini gənc nəslə daha ətraflı öyrədilməsi məqsədilə Naxçıvan Dövlət Universitetinin “Tarix”, ”Tarix müəllimliyi”, “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarında  "Qərbi Azərbaycanın siyasi və etno-mədəni tarixi”, “Qərbi Azərbaycanın toponimikası”, “Qərbi Azərbaycanın maddi-mədəniyyət abidələri” xüsusi fənlər kimi tədris edilir.
Naxçıvan Dövlət Universitetinin çoxminli kollektivi bundan sonra da gündəlik fəaliyyətində Qərbi Azərbaycana, öz ata-baba torpaqlarımıza qayıtmaq yolunda tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, beynəlxalq hüquq prinsiplərinin təmin olunması istiqamətində uğurla fəaliyyət göstərəcəkdir.

Просмотров: 156
Обнаружили ошибку или мёртвую ссылку?

Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.

ДОБАВИТЬ КОММЕНТАРИЙ

Введите код:*
Кликните на изображение чтобы обновить код, если он неразборчив

Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98

Xüsusi müxbir: Alıyev Kamil Həsən oğlu

Xüsusi müxbir : Piriyev Cavid Medal oğlu