
Cəmiyyətin sağlam təməllər üzərində formalaşması üçün söz və mətbuat azadlığı həyati əhəmiyyət daşıyır. Bu dəyər insan üçün hava və su nə qədər vacibdirsə, demokratik toplum üçün də bir o qədər önəmlidir. Ancaq azadlığın məsuliyyətdən ayrıldığı nöqtədə fayda yox, təhlükə yaranır. Media adı altında yayılan, faktlara deyil, şayiələrə, emosiyalara və şəxsi maraqlara söykənən materiallar təkcə fərdləri deyil, bütövlükdə ictimai düşüncəni zədələyir. Çünki böhtan fərdi mübahisə deyil – o, cəmiyyətin etibar mexanizmini dağıdan ciddi problemdir.
Azərbaycanda mətbuat azadlığı öz-özünə formalaşmayıb. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində senzura aradan qaldırıldı və media cəmiyyətin səsini ifadə edən əsas platformaya çevrildi. Bu azadlığın mahiyyəti həqiqəti üzə çıxarmaq, ədaləti qorumaq və dövlətlə cəmiyyət arasında sağlam əlaqə yaratmaq idi. Təəssüf ki, bu gün bəzi resurslar bu məsuliyyəti unudaraq medianı şəxsi maraqların, qərəzli hücumların və sifarişli kampaniyaların alətinə çeviriblər.
Son dövrlər baş verən hadisələr də bunu bir daha təsdiqləyir. Özünü media orqanı kimi təqdim edən, lakin jurnalistikanın elementar prinsiplərindən uzaq olan bir platforma heç bir araşdırma aparmadan, qarşı tərəfin mövqeyini öyrənmədən birtərəfli və şişirdilmiş iddiaları ictimaiyyətə təqdim edib. Fakt, sənəd və rəsmi mövqe yoxdursa, bu cür materialı jurnalistika adlandırmaq mümkün deyil.
Məsələnin əsasında isə tamamilə şəxsi xarakter daşıyan ailədaxili münaqişə dayanır. Şəmkir rayonunda sahibkarlıq fəaliyyəti göstərən Asəf Əliyevin uzun illərdir ailə üzvləri ilə mülkiyyət üstündə yaşadığı problemlər bölgədə məlumdur. Bu mübahisələrin hüquqi müstəvidə deyil, təzyiq və gərginlik yolu ilə həll olunmağa çalışılması isə vəziyyəti daha da mürəkkəbləşdirib. Şəxsi konflikti süni şəkildə “ictimai problem” kimi təqdim etmək isə reallığı dəyişmir.
Fakt ondan ibarətdir ki, ata mülkünün müəyyən hissəsi tərəflərin razılığı və qanuni prosedurlar əsasında satılıb. Nə zorakılıq, nə də kənar müdaxilə baş verib. Lakin sonradan yaranan narazılıqlar, peşmanlıq hissi və ailədaxili gərginlik Asəf Əliyevi fərqli üsullara əl atmağa sövq edib. Yeni mülkiyyət sahiblərinin fəaliyyətinə maneələr yaradılması, obyektin işinə qəsdən əngəl törədilməsi və ictimai ərazilərin guya “şəxsi mülk” kimi təqdim olunması münaqişənin əsas xəttini təşkil edir.
Daha düşündürücü məqam isə ondan ibarətdir ki, bu vəziyyətdən yayınmaq üçün dövlət qulluğunda çalışmış, elmi və ictimai nüfuza malik şəxslərin adları məqsədli şəkildə hallandırılır. Şəxsi mübahisənin arxasında guya tanınmış ziyalıların və dövlət məmurlarının dayanması barədə irəli sürülən iddialar nə faktla, nə sənədlə, nə də məntiqlə təsdiqlənir.
Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusifovun və uzun illər dövlət maliyyə sistemində çalışmış Cavanşir Yusifovun bu məsələlərlə əlaqələndirilməsi açıq şəkildə böhtandır. Bu şəxslər illər boyu dövlətə sədaqətləri, qanunlara hörmətləri və prinsipial mövqeləri ilə tanınıblar. Onların adından manipulyasiya vasitəsi kimi istifadə etmək nə etikdir, nə də vicdanlı yanaşmadır.
Əsl mənzərə isə sadədir: şəxsi münaqişə mövcuddur, lakin onu hüquqi çərçivədə həll etmək əvəzinə media üzərindən təzyiq yaratmaq cəhdi göstərilir. Bu yanaşma həm qarşı tərəfə, həm də media anlayışının özünə ciddi zərbə vurur. Çünki media sifariş icra etməməli, həqiqəti araşdırmalıdır.
Xüsusilə narahatedici məqam ondan ibarətdir ki, bu tip yazılarda şübhəli reputasiyaya malik şəxslərin fikirləri “rəy” kimi təqdim olunur, keçmişdə qanun pozuntuları ilə gündəmə gəlmiş insanların arqumentləri ön plana çıxarılır. Bu isə məqsədin məlumatlandırmaq yox, ictimai rəyə təsir etmək olduğunu açıq şəkildə göstərir.
Bir daha xatırlatmaq lazımdır: söz azadlığı məsuliyyətsizlik anlamına gəlmir. Böhtan üzərində qurulan yazı fikir deyil, hüquqi məsuliyyət yaradan əməldir. Media adı altında kiminsə şərəf və ləyaqətinə toxunmaq nə azadlıqdır, nə də peşəkarlıq.
İnanırıq ki, aidiyyəti dövlət qurumları bu cür hallara biganə qalmayacaq, qərəzli və sifarişli materiallara hüquqi qiymət veriləcək. Biz isə jurnalist etikasına sadiq qalaraq bildiririk: qarşı tərəfin mövqeyini dinləməyə, faktlara əsaslanan cavabını dərc etməyə hər zaman hazırıq. Çünki həqiqət təzyiqlə deyil, açıq və dürüst sözlə üzə çıxır.















