
Xırdalan şəhərində tikinti üzrə fəaliyyət göstərən sahibkar Etibar müəllim - Tarixi Zəfərimizdən ötən müddət Azərbaycanın həyatında yeni bir mərhələnin başlanğıcı kimi yadda qalır. İşğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri artıq reallığa çevrilmiş Böyük Qayıdışın ən bariz təzahürüdür. Uzun illər həsrətində olduğumuz doğma şəhər və kəndlər bu gün yenidən həyat qazanır, yollar çəkilir, məktəblər, xəstəxanalar, yaşayış kompleksləri inşa olunur. Bu dirçəliş təkcə infrastruktur layihəsi deyil, həm də milli qürurumuzun, dövlət iradəsinin və xalq birliyinin təntənəsidir.
30 il davam edən işğal dövrü torpaqlarımızda dərin izlər buraxsa da, Azərbaycan xalqının iradəsini sarsıda bilmədi. Dağıdılmış yurd yerlərinin yerində bu gün müasir standartlara uyğun qurulan yaşayış məntəqələri yüksəlir. Bu proses ölkəmizin iqtisadi qüdrətinin, planlı inkişaf strategiyasının və quruculuq əzminin nəticəsidir. Dağıntıları quruculuq əvəz edib və bu dəyişiklik hər bir azərbaycanlının qəlbində böyük sevinc və iftixar hissi doğurur.
Bu möhtəşəm dönüşün əsasında isə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin lokal antiterror tədbirlərində qazanılmış tarixi Qələbə dayanır. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdi. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də ədalətin bərpası idi. Xalqımızın illərlə içində yaşatdığı inam reallığa çevrildi.
Fevralın 25-də Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın və ailə üzvlərinin Xocalı və Xocavənd rayonlarına səfəri azad torpaqlarımızda quruculuğun yeni mərhələsini nümayiş etdirdi. Xanabad kəndində, Xocavənd kəndində və Xocavənd şəhərində görülən işlərlə tanışlıq bir daha göstərdi ki, dövlət bütün resurslarını Böyük Qayıdış proqramının uğurla icrasına yönəldib. Sakinlərlə keçirilən görüşlər isə bu prosesin mərkəzində insan amilinin dayandığını təsdiqlədi.
Xocavənd şəhərinin sakinlərinə qovuşması Böyük Qayıdışın növbəti mühüm ünvanı kimi tarixə düşdü. Doqquzuncu şəhərin yenidən dirçəlişi sadəcə statistik göstərici deyil, hər bir köçkün ailəsinin ümidlərinin gerçəkləşməsidir. Uzun illər məcburi köçkün həyatı yaşayan insanlar doğma torpaqlarına qayıdaraq yeni həyata başlayırlar. Bu, xalqımızın səbrinin, dözümünün və dövlətinə inamının nəticəsidir.
Prezident İlham Əliyev sakinlərlə söhbətində köçkün həyatının ağır mənəvi və fiziki sınaqlarından bəhs edərək vurğuladı ki, xalqımız bu sınaqdan şərəflə çıxıb. Doğma torpağından didərgin düşmək böyük ağrıdır, lakin bu ağrı heç vaxt ümidsizliyə çevrilmədi. Azərbaycan xalqı hər zaman inanırdı ki, ədalət zəfər çalacaq və həmin gün gəldi. Artıq o çətin illər geridə qalıb və qarşıda quruculuq, inkişaf və sabitlik dövrü dayanır.
Fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışı isə xüsusi məna daşıyırdı. Xocalıda ucaldılan bu Memorial Kompleks xalqımızın silinməz yaddaşının rəmzidir. Prezident və Birinci vitse-prezidentin iştirak etdiyi açılış mərasimi faciə qurbanlarının əziz xatirəsinə ehtiramın ifadəsi olmaqla yanaşı, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından da mühüm hadisə idi.
Görüş zamanı dövlət başçısı Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində görülən işlərdən danışdı. Qeyd olundu ki, həm dövlət qurumları, həm də ictimai təşkilatlar illər boyu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün sistemli fəaliyyət göstəriblər. Bu istiqamətdə əldə olunan nəticələr – iyirmiyə yaxın ölkənin faciəni tanıması – diplomatik mübarizənin mühüm mərhələsi kimi qiymətləndirildi.
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, Azərbaycan Xocalıya ədalət tələb edirdi. Lakin uzun illər beynəlxalq dairələrin biganəliyi ilə üzləşdi. Buna baxmayaraq, ölkəmiz addım-addım ədalətə doğru irəlilədi. 2020-ci ildə Vətən müharibəsində qazanılmış Qələbə, 2023-cü ildə Xocalının azad olunması və nəhayət, müharibə cinayətkarlarının Bakıda məhkəmə qarşısına çıxarılması ədalətin təntənəsi oldu. Bu, tarixi ədalətin bərpası və dövlətimizin prinsipial mövqeyinin qələbəsidir.
Tarixi Zəfərə gedən yol isə uzun və sistemli hazırlıq mərhələsindən keçdi. Güclü iqtisadiyyatın qurulması, müasir və peşəkar Ordunun formalaşdırılması, beynəlxalq müstəvidə hüquqi əsasların möhkəmləndirilməsi bu prosesin əsas dayaqları idi. Azərbaycan bir çox ölkələrlə strateji tərəfdaşlıq münasibətləri quraraq öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün geniş imkanlar əldə etdi. Bu diplomatik və hərbi-siyasi hazırlıq Qələbənin təməlini təşkil etdi.
Bu gün Azərbaycan artıq 1990-cı illərin zəif və çətinliklərlə üzləşən dövləti deyil. Müstəqil siyasət yürüdən, güclü iqtisadiyyata və müasir Silahlı Qüvvələrə malik olan ölkədir. Dövlət başçısının vurğuladığı kimi, heç kimin ağlına Azərbaycana qarşı hər hansı təxribat törətmək fikri gəlməməlidir. Çünki bu gün ölkəmiz öz təhlükəsizliyini və sabitliyini təmin etmək gücündədir.
Xocalı Soyqırımı Memorial Kompleksi və azad edilmiş torpaqlarda aparılan quruculuq işləri Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz inamının və milli həmrəyliyinin simvoludur. Otuz illik ədalətsizlikdən sonra əldə olunan bu Zəfər yalnız hərbi uğur deyil, həm də mənəvi qələbədir. Azərbaycan xalqı bir yumruq kimi birləşərək həm 2020-ci, həm də 2023-cü ildə qəhrəmanlıq göstərdi və sübut etdi ki, ədalətə gedən yol uzun olsa da, nəticə mütləq zəfərlə tamamlanır.












