planet.com.az » Siyasət » Azərbaycan-İsrail münasibətləri dəyərli dostluq və etibarlı tərəfdaşlıq nümunəsidir
Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrdən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar.
Azərbaycan dünya yəhudi elitasının diqqət mərkəzinə 1810-cu ildən düşməyə başlayıb. Həmin dövrdə ilk aşkenazilər Bakıda məskunlaşmağa başlayıblar. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. 1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra Azərbaycana yəhudi biznesi nümayəndələrinin axını başlayıb. Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel bu ərazidə geniş fəaliyyət göstəriblər.
Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. Bir sinaqoq isə Azərbaycanın Quba rayonunda, dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədədir. Bu, keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yerdir. Azərbaycanda yəhudilərə həmişə yaxşı münasibət bəslənib və burada heç zaman antisemitizm halları olmayıb. Hər iki ölkəni yaxınlaşdıran daha bir amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 min yəhudinin yaşamasıdır.
Qeyd edək ki, 1991-ci ildə ölkəmizin müstəqilliyini tanıyan İsrail dövləti ilə Azərbaycan arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. Ümummilli Lider Heydər Əliyevin 1995-ci ildə İsveçrədə keçirilən Dünya İqtisadiyyat Forumunda İsrailin Xarici İşlər naziri Şimon Pereslə, həmin ilin oktyabrında BMT Baş Məclisinin iclasında İsrailin Baş naziri İshaq Rabinlə və digər İsrail rəsmiləri ilə keçirdiyi görüşlər iki ölkə arasındakı münasibətlərin formalaşmasında və inkişafında əsaslı rol oynayıb. 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli səfəri isə bu əlaqələrin daha da genişlənməsinə şərait yaradıb. Vurğulanmalıdır ki, Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu qeyd edən Ulu Öndər Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dostluq şəraitində və mehribancasına yaşadığını bildirib: “Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır”.
Heydər Əliyev ATƏT-in Lissabon zirvə toplantısında Netanyahu ilə görüş və danışıqlarından, həmçinin onun İsrail hökuməti adından Azərbaycanın qarşılaşdığı problemlərin aradan qaldırılmasında lazımı köməklik göstərməyə hazır olduğu barədə bəyanatından məmnun qaldığını bildirib. Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident Heydər Əliyev münaqişənin Lissabonda irəli sürülən prinsiplər əsasında həll olunmasına tərəfdar olduğunu vurğulayıb. Görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupunun yaradılması qərara alınıb.
Ölkəmizdə millətlərarası münasibətlərin inkişafının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub və bu müdrik siyasi xətt möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. Onun sözlərinə görə, məhz dövlətimizin başçısının uğurlu siaysəti nəticəsində Azərbaycan multikulturalizm və tolerantlıq mərkəzi kimi dünyada tanınır: “İstər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi bu gün hamı üçün çox əzizdir. Onun xatirəsi böyük qədirbilənliklə əbədiləşdirilib. Vətən müharibəsi zamanı da Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdilər, Qarabağın azadlığı uğrunda ortaya qoyulan dəmir iradəni qətiyyətlə dəstəklədilər”.
Bu gün Azərbaycan və İsrail arasında dostluq və əməkdaşlıq strateji əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində İsrail Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi sahədə də yaxşı əlaqələr var. İnanırıq ki, iki dövlətin dostluq və əməkdaşlığı bundan sonra daha da dərinləşəcək, güclənəcək.
Nuranə Atayeva,
Salyan rayon Təzəkənd kənd ümumi orta məktəbin direktor əvəzi, YAP fəalı
Обнаружили ошибку или мёртвую ссылку?
Выделите проблемный фрагмент мышкой и нажмите CTRL+ENTER.
В появившемся окне опишите проблему и отправьте Администрации ресурса.
Oxşar xəbərlər
Təsisçi və baş redaktor:Eminov Mehman Niftalı oğlu | Tel: (+99499)792 92 88 , (+99477) 606 00 68 , (+99470) 577 95 98
Xüsusi müxbir: Alıyev Kamil Həsən oğluXüsusi müxbir : Piriyev Cavid Medal oğlu